Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Tədbirlər
17 May , 2019
   17 may 2019-cu ildə Masallı rayon Mərkəzi Kitabxanasında Laçın rayonunun erməni silahlı birləşmələri tərəfindən işğalının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə çıxış edən kitabxana direktoru Əlhəddin Nəzərov ölkəmizin ərazi bütövlüyünün qorunmasında mühüm strateji əhəmiyyətə malik olan Laçın rayonunun 27 il əvvəl erməni silahlı birləşmələri tərəfindən işğalı ilə bağlı ətraflı məlumat verib. Vurğulanıb ki, Laçının 1992-ci il mayın 18-də erməni hərbi birləşmələri tərəfindən işğalı Ermənistanın 1988-ci ildən Azərbaycana qarşı başladığı elan olunmamış müharibənin tərkib hissəsi olub. İşğalçı dövlətin hərbi təcavüzü ilə başlanmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin elə ilk günlərindən Laçın Ermənistanın hədəfinə çevrilib. Sonra çıxış edən Oxu zalının müdiri Şəmsurə Nəsirova və kitabxana əməkdaşı Nahidə Fərəcova bildirib ki, işğalçılara qarşı döyüşlərdə rayonun müdafiəçiləri böyük şücaət göstəriblər. Bu müharibədə 267 nəfər laçınlı şəhid olmuş, 66 nəfər girov götürülmüşdür. Torpaqlarımızın müdafiəsi uğrunda mərdliklə mübarizə aparmış laçınlılardan 4 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş, 4 nəfər “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir. Tədbirdə həmçinin ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən ordu quruculuğu sahəsində uğur qazanıldığı vurğulanıb. Qeyd olunub ki, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı və xalqın mübarizliyi sayəsində işğal olunmuş bütün torpaqlarımız, o cümlədən Laçın rayonu düşmən tapdağından azad ediləcək.
Foto Qalereya