Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Şəhidlərimiz
6 May , 2019
1960-cı il oktyabr ayının 8-də Masallı rayonunun Xıl kəndində doğulmuşdur. 1978-ci ildə burada orta məktəbi bitirdikdən sonra bir il sovxozda fəhlə işləmişdir. 1979-cu ildə hərbi xidmətə çağırılaraq, Batumi şəhərində xidmətə başlamışdır. 1981-ci ildə ordudan tərxis olunmuş və Bakı şəhər Səbail rayon DİŞ-nin nəzdindəki mühafizə şöbəsində milis nəfəri kimi işə qəbul olunmuşdur. E.Hüseynov 1986-cı ildə N.Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbinin qiyabi şöbəsinə daxil olmuş və 1989-cu ildə təhsilini başa vurmuşdur.E.Hüseynov ermənilərin xalqımıza qarşı işğalçı hərəkətlərinə dözə bilmirdi. O, cəbhəyə göndərilməsi barədə bir neçə dəfə DİN-ə müraciət etdi. 1991-ci ildən etibarən müntəzəm olaraq cəbhə bölgələrinə getməyə başladı. İlk sınaq döyüşü Füzuli və Tərtər bölgələrində oldu. O, bu sınaqdan uğurla çıxdı. Sonra Marağa, Cuvarlı, Marquşevan, Ağbulaq və başqa kəndlərin azad olunmasında rəşadətlə döyüşdü. Onun göstərdiyi igidliklər düşməni vahiməyə salmışdı.1992-ci il... İyunun 15-i... Döyüşçülərə Fərrux kəndini düşməndən azad etmək taprışığı verilmişdi. Səhər tezdən Ağdam istiqamətində döyüşə atılan polis cəngavərləri kəndin içinə doğru irəliləyirdilər. Elşad həmişə olduğu kimi yenə də döyüşün ən qızğın yerində idi. O, həm cəsarətli vuruşu, həm də ruhlandırıcı çağırışları ilə döyüş yoldaşlarına mənəvi qüvvə verirdi. Əfsus ki, mövqeyini dəyişmək üçün səngərdən çıxarkən qəfil gülləyə tuş gəldi. Qırıldı ömrü qəhrəmanın...Ailəli idi. Bü gün Elşadın ocağında üç qız övladı böyüyür.Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Hüseynov Elşad Eynulla oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.Masallı rayonunun Xıl kəndində dəfn edilmişdir.Masallı rayonunda adına küçə var. Xıl kəndində büstü qoyulmuşdur.