Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Xəbərlər
6 Aprel , 2018
Masallı şəhərində seçicilərlə izdihamlı Zirvə görüşü keçirilib
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam etdirir.
Kampaniya çərçivəsində növbəti görüş “İlhamla irəli”şüarı ilə Masallı şəhərində keçirilib.
İzdihamlı mitinq-görüşdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticələrindən bəhs edib: “Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan inkişaf siyasəti Onun layiqli davamçısı olan möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla və əzmlə davam etdirilir. Məhz bunun nəticəsi olaraq Azərbaycan həm yerləşdiyi coğrafiyada, həm də ümumilikdə beynəlxalq aləmdə böyük nüfuz və mövqe qazanıb. Sözsüz ki, bütün bunlar ölkəmizdə mövcud olan sarsılmaz ictimai-siyasi sabitlik fonunda reallaşıb. Azərbaycan öz iqtisadi-siyasi qüdrətini artırdıqca ölkəmizin mövqeləri daha da möhkəmlənir”.
Rayon təşkilatının sədri bildirib ki, Masallı ictimaiyyəti birmənalı şəkildə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevi dəstəkləyir: “Rayon ictimaiyyəti dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətini böyük məmnunluqla qarşılayır. Böyük ruh yüksəkliyinin fonunda qeyd edə bilərəm ki, Masallı seçiciləri növbəti dəfə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə etimad göstərəcəklər. Bununla seçicilər inkişafı, firavanlığı və sabitliyi seçmiş olacaqlar”.
Milli Məclisin deputatlarından Nəriman Əliyev, Elmira Axundova çıxışlarda diqqətə çatdırıb ki, seçicilərlə görüşlərdə aydın olur ki, hər bir seçici partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin fəaliyyəti ilə bağlı ən azı Onu təbliğ etməyə gedən insanlar qədər məlumatlıdır və dəqiq mövqeyə malikdir. Bu, Azərbaycan xalqının mövqeyidir. Son 15 il ərzində cənab Prezidentin fəaliyyəti Azərbaycan xalqının gözləri önündədir. Ölkə rəhbərinin fəaliyyətinin şəffaf olması, Onun gördüyü işlərin böyüklüyü, xalqın isə bu barədə yetərincə məlumatlı olması cənab Prezidentin xüsusi təbliğata ehtiyacının olmadığını göstərir. Dövlət başçısı Öz təbliğatını əməlləri ilə yüksək səviyyədə təşkil edib. Buna görə də hesab edirik ki, cənab İlham Əliyev Azərbaycan xalqının alternativsiz namizədidir.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirib ki, ötən 15 il ərzində dövlət başçısının reytinqi xalq arasında əhəmiyyətli dərəcədə yüksəlməkdə davam edib: “Bu sosial-siyasi göstərici ölkə rəhbərinin effektiv fəaliyyətinin nəticəsidir. Bütün bunların nəticəsi kimi, 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin parlaq qələbə qazanacağı heç kəsdə şübhə doğurmur”.
Azərbaycan Tibb Universitetinin professoru Vəsadət Əzizov, Respublika Veteranlar Şurasının sədr müavini Cəlil Xəlilov və başqaları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən bəhs ediblər. Natiqlər Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin növbəti dəfə əzəmətli qələbə qazanacağına əmin olduqlarını bildiriblər.