Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Xəbərlər
21 Oktyabr , 2017
  21 oktyabr 2017-ci ildə Masallı rayon Mərkəzi Kitabxanasında Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasının 85 illiyi ilə əlaqədar tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Əlhəddin Nəzərov şairin həyat yoluna nəzər salaraq onun zəngin və şərəfli ömür sürdüyünü bildirdi. Onun ədəbi yaradıcılığına orta məktəb illərində başladığını, “Kitab” adlı ilk şeiri “Azərbaycan pioneri” qəzetində dərc olunduqdan sonra tezliklə ədəbi ictimaiyyətin diqqətini cəlb etdiyini,1954-cü ildə SSRİ Yazıçılar İttifaqının üzvü seçildiyini qeyd etdi. O ali məktəbdə müəllim kimi çalışarkən dərs proqramını tədris etməklə kifayətlənməmiş, tələbələrinə milli dəyərlərimiz və doğma dilimizdən ürək ağrısı ilə söhbət açmış,daima ana dilimizin saflığı uğrunda mübarizə aparmışdır. Şairin vətənpərvər fəaliyyəti sovet hökumətinin diqqətindən yayınmamış, bu üzdən davamlı təqib və təhdidlərə məruz qalmışdır. Daha sonra çıxış edənlər İnformasiya-Resurs şöbəsinin müdiri Rasif Dadaşov, Xidmət şöbəsinin müdiri Gülər Piriyeva və Oxu zalının müdiri Şəmsurə Nəsirova Xəlil Rza Ulutürkün milli azadlıq hərəkatında roluna toxunaraq şairin sovet rəhbərliyinin ölkəmiz əleyhinə apardığı ədalətsiz siyasətə qarşı çıxaraq doğma xalqının pozulan hüquqlarının müdafiəsi uğrunda yorulmadan mübarizə apardığını, Lefortovo zindanında ağır sınaqlardan keçməsinə baxmayaraq öz müqəddəs amallarından geri çəkilmədiyini tədbir iştirakçılarının nəzərinə çatdırdılar.Tədbirdə şəhər 3 saylı və İsfəndiyar Zülalov adına İsgəndərli orta məktəbin VIII sinif şagirdləri şairin əsərlərindən nümunələr səsləndirdilər.