Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Görkəmli şəxsiyyətlər
7 Yanvar , 2016

   Əzizov Vəsadət Əli oğlu 1955-ci il dekabrın 22-də Masallı rayonunun Qızılavar kəndində anadan olmuşdur. Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir.1983-cü ildə Azərbaycan Tibb İnstitutunun (hazırda Azərbaycan Tibb Universiteti) “Daxili xəstəliklər” ixtisası üzrə aspiranturasına daxil olmuşdur. O, Moskva şəhərində Ümumittifaq Kardioloji Elmi Mərkəzdə 1985-ci ildə namizədlik və 1993-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir.V.Əzizov 1994-1998-ci illərdə akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru vəzifəsində çalışmışdır. 1999-cu ildə АTU-nun II Daxili xəstəliklər kafedrasının müdiri vəzifəsinə seçilmiş və hazırda həmin kafedraya rəhbərlik edir.V.Əzizov 400-dən artıq çap olunmuş elmi işlərin, o cümlədən 24 dərslik, dərs vəsaiti, monoqrafiya, 4 metodik tövsiyə, 38 metodik işləmə, 3 müəlliflik səhadətnaməsi və 1 ixtiranın müəllifidir. Onun elmi işləri dünyanın bir çox ölkələrində çap olunmuşdur. Professor Vəsadət Əzizovun rəhbərliyi ilə 20 namizədlik və 2 doktorluq dissertasiyası müdafiə edilmiş, 2 doktorluq və 1 namizədlik dissertasiyası sınaq müdafiəsindən keçmiş və açıq müdafiəyə tövsiyə olunmuşdur.
  Hazırda professor V.Əzizovun rəhbərliyi altında 2 doktorluq və 2 namizədlik dissertasiya işi davam etdirilir. V.Əzizov bir neçə beynəlxalq elmi cəmiyyətlərin, o cümlədən Avropa kardioloqlar cəmiyyətinin fəxri üzvü, dünyanın ürək dostları cəmiyyətinin, türkdilli xalqların kardioloqlar cəmiyyətinin, İmmunoreabilitasiya və tibbdə reabilitasiya cəmiyyətinin, Rusiya ultrasəs müayinəsi mütəxəsisləri cəmiyyətinin üzvü, Avrasiya kardioloqlar cəmiyyətinin və Azərbaycan kardioloqlar cəmiyyətinin idarə heyətinin üzvüdür. О, uzun illər Türkiyədə çap olunan “Kardiologiya” jurnalının redaksiya heyətində təmsil olunmuşdur. Hazırda V. Əzizov “Kardiologiya” (Moskva), “Avrasiya kardiologoya jurnalı”, “Vizualizasiya v klinike” (Moskva) jurnallarının redaksiya şurasının, “Sağlıq olsun” (Bakı), “Sağlamlıq” (Bakı) jurnallarının redaksiya heyətinin üzvü, “Konsilium” jurnalının baş redaktor müavinidir. V.Əzizov Universitetin və I müalicə-profilaktika fakültəsinin elmi şurasının və ATU-nun nəzdində Dissertasiya şurasının üzvüdür. V.Əzizov II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Tibb sahəsində model qanunların hazırlanmasındakı xidmətlərinə görə o, MDB ölkələri Parlamentlərarası Assambleasının Fəxri fərmanına layiq görülmüşdür.