Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
20 Yanvar Faciəsi
12 Oktyabr , 2015

   1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.

Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkərandan  Masallıdanda daha bir neçə nəfər yaralanmış və qətlə  yetirilmişdir.

 

   Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublika rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.

 

      20 yanvar hadisələri ərəfəsində Sovet İttifaqı Kommunist Partiyasının rəhbərliyinin xalqın, mənafeyinə zidd olan siyasəti, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı Mərkəzin, şəxsən Mixail Qorbaçovun apardığı qeyri-obyektiv və qərəzli xətt geniş xalq kütlələrinin qəzəbinə səbəb olmuşdur. Xalq arasında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin, onun birinci katibi Əbdürrəhman Vəzirovun fəaliyyəti də kəskin etirazlar doğurmuşdur. Respublikada belə bir fikir mövcud olmuşdur ki, Azərbaycanın rəhbərliyi Dağlıq Qarabağ məsələsində Mərkəzlə sövdələşərək öz xalqına qarşı gizli xəyanətkar planlar həyata keçirir. Azərbaycan rəhbərləri öz yarıtmaz və yararsız fəaliyyəti ilə xalqla hakimiyyət arasında keçilməz uçurum yaratmışdı. Məhz həmin dövrdə bir neçə ay Bakıda və respublikamızın digər şəhər və rayonlarında keçirilmiş izdihamlı mitinqlərdə Azərbaycan rəhbərliyinin istefası tələb olunurdu. Cəmiyyətdə yaranmış qarşıdurmanın siyasi yollarla tənzimlənməsi üçün Azərbaycan SSR-in rəhbərliyi mövcud imkanlardan istifadə etməmişdir. Hakim dairələrin müxalifətlə apardığı iş siyasi oyun və intriqalar istiqamətində qurulmuş və yarıtmaz olmuşdur. Bir çox taleyüklü məsələnin həllində Azərbaycan rəhbərliyi aciz olmuş, nəticədə respublikada kəskin hakimiyyət böhranı yaranmışdır.

 

20 yanvara qədər partiya, dövlət orqanları tərəfindən həyata keçirilən tədbirlərin, eləcə də Bakıda gedən ziddiyyətli proseslərin təhlili göstərir ki, yanvar faciəsi qabaqcadan planlaşdırılmış hərbi əməliyyatın nəticəsi olmuşdur. 1989-cu ilin axırından yanvar hadisələrinə kimi respublika rəhbərləri Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibovun imzaları ilə Moskvaya ünvanlanan şifroqramlar buna əsaslı sübutdur. Şifroqramlarda Bakıya əlavə daxili qoşun və Sovet ordusu qüvvələrinin göndərilməsi tələb olunmuşdur. Bu səbəbdən Bakıda hərbi qüvvələrin yerləşdirilməsi və təminatı ilə əlaqədar müxtəlif hazırlıq işləri aparılmış, hadisələrə bir neçə gün qalmış Bakı şəhərinin xəstəxanaları tələsik boşaldılmış, külli miqdarda yaralıların yerləşdirilməsi üçün hazırlıq görülmüş, Sovet ordusu hərbi qulluqçularının ailə üzvləri təcili surətdə Bakı şəhərindən köçürülmüşdür. Beləliklə, hərbi təcavüz və qoşunların yeridilməsi üçün hər cür şərait yaradılmışdır. Qoşunların Bakıya yeridilməsi kommunist rejimini saxlamaq, milli azadlıq hərəkatını boğmaq məqsədinə xidmət etmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun 1990-cı il yanvarın 14-də keçirilmiş iclasında fövqəladə vəziyyətin tətbiq edilməsi ilə əlaqədar irəli sürülmüş təkliflər hakimiyyəti itirmək qorxusu ilə bağlı olmuşdur.

 

  1990-cı il yanvarın 15-də Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri Elmira Qafarova Moskva şəhərində ezamiyyətdə ikən Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin qeyri-qanuni iclasında yetərsay olmadığı halda, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirovun təkidi ilə qəbul edilmiş qərarda Azərbaycanda fövqəladə vəziyyətin tətbiq edilməsinə razılıq verilmişdir. Bu bir daha təsdiq edir ki, 20 yanvar faciəsi qabaqcadan planlaşdırılmış cinayət aktıdır.Hüquqi əsası olmadan Bakıda fövqəladə vəziyyət elan edilməsi, Silahlı Qüvvələrin şəhərə soxulub heç bir müqavimətlə üzləşmədən ağır texnika və məhvedici silahlar vasitəsilə dinc əhaliyə qəddarcasına divan tutması Azərbaycan xalqına qarşı cinayət olmuşdur. Bu cəza tədbiri şüurlu surətdə planlaşdırılmış və vəhşicəsinə həyata keçirilmişdir.