Masallı rayon Mərkəzi kitabxanası

Masallı rayon MKS
Haqqımızda
9 Oktyabr , 2015

    Masallı rayonu Bakı-Astara magistral şossesinin 232 kilometrliyində yerləşir. Relyefinə və təbiətinə görə respublikanın səfalı və füsunkar guşələrindən biridir. Bir tərəfi qədim Talış dağları və meşələri, digər tərəfi isə Xəzər dənizi ilə əhatə olunmuşdur.

   Yüz illər bundan əvvəl ətraf və uzaq yerlərdən gələn insanlar müalicə məqsədi ilə Masallının yerin altından çıxan qaynar suyundan istifadə etmişlər.Kükürdlü çeşmələri hesabına,tərkibinə görə sonsuzluq,dəri-zöhrəvi,yel xəstəliklərinin müalicəsi üçün misilsiz faydası olan sanatoriyadır. Müalicəvi əhəmiyyətli vannalar,gəzintilər,kafe,bar,restoran,park,sadə idman qurğuları,ticarət və iaşə meydançaları var.

   “Zirvə”,”Qaya”,”Beş qardaş”,”Yanar dağ”,”Turist”,”Nil bağı” Talış meşələrində yerləşir. Ümumiyyətlə, Talış meşələrində 31 turizm-istirahət obyektləri fəaliyyət göstərir.

   Rayon mərkəzində sadə idman qurğuları,Anatoli Banişevski adına futbol stadionu fəaliyyət göstərir. Rayonda turizmin və idmanın inkişaf perspektivlərini nəzərə alan möhtərəm prezidentimiz İlham Əliyevin göstərişi ilə 2004-cü ildə müasir tipli Olimpiya kompleksinin tikintisinə başlanmış və 2007-ci ildə rayon sakinlərinin istifadəsinə verilmişdir. Turist mərkəzlərində qonaqların mənalı istirahəti,müxtəlif idman növləri və əyləncəli proqramla məşğuliyyəti üçün hər cür şərait yaradılıb. Qoruqlar,respublikanın ən böyük və ən zəngin qoruqlarından biri olan Qızılağac qoruğu əsasən Qızılağac körfəzi və “Pirman” adlanan sahələrdə yerləşir. Qoruqda adları “Qırmızı kitab”a düşən quşlar və vəhşi heyvanlar var. Bundan başqa dünyada ən nadir ağaclardan olan “Qızılağac” ağacı (el arasında ona Razdar da deyilir) qorunur. Tarixi və memarlıq abidələr,Boradigah Cümə Məscidi (1853-1854), Masallı tarixinin güzgüsü 1952-ci ildən rayonun Hişkədərə kəndində fəaliyyət göstərən Tarix-Diyarşünaslıq muzeyidir. Muzeyin palentologiya,etnoqrafiya,numizmatika,arxeologiya şöbələrində 19 mindən çox qiymətli eksponat toplanmışdır. Rayonun Ərkivan,Hişkədərə,Boradigah,Tatyan,Hacıtəpə,Şəhriyar,Xırmandalı,

Mahmudavar,Banbaşı,Çaxırlı,Ərəb,Qızılağac,Qəriblər,Öncəqala,Köhnə Alvadı kəndlərinin yaxınlığında qədim şəhər,qala kurqanı,türbə, məqbərə yerləri aşkar edilmişdir. Bu ərazilərdən tunc,dəmir,antik və orta əsrlər dövrünə aid xeyli miqdarda maddi-mədəniyyət nümunələri toplanmışdır. Bütün bunlar Masallı (Hişkədərə) tarix-diyarşünaslıq muzeyində mühafizə olunur. Muzeyin yaradıcısı mərhum əməkdar müəllim Rəhim Tağıyev olmuşdur. Masallı ərazisi 168 qədim,sirli abidələr.qalalar,saraylar,ziyarətgahlar,hamamlar,bulaqlar məskənidir.Masallı ərazisində qədim insanlar 15-20 min il bundan əvvəl yaşamışlar. Abasqulu Ağa Bakıxanovun "Gülüstani-İrəm" (1841), Mirzə Seyidəli Kazımbəy oğlunun "Cavahirnameyi Lənkəran" (1896), səlnaməçi Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun "Əxbarnamə" (1882) əsərlərində, həmçinin bir sıra Avropa və rus səyyahlarının səyahətnamə qeydlərində Masallının tarixinə dair qiymətli məlumatlar öz əksini tapmışdır. "Masallı" coğrafi adının meydana gəlməsi haqqında bu vaxta qədər bir çox mülahizə və rəvayətlər söylənilmişdir. Tarixi mənbələrdə bu toponim "məsəlli-məsəl çəkilən yer, məsəl çəkənlər" mənasında səciyyələndirirlər. Masallı sözünün "Mosullu" sözündən yaranması da ehtimal edilir. Bəzi mənbələrdə isə bu torpaqlarda Masal adlı bir xanın yaşadığı və onun şərəfinə Masallı adlandırılıb. Toponimika ilə məşğul olan alimlərimizdən R.Yüzbaşov və Ş.Sədiyevin birgə yazdığı "Azərbaycanın coğrafi adları" kitabında "Masallı-Masal nəslinə mənsub" şəklində qeyd olunmuşdur. Bakı Dövlət Universitetinin dosenti, coğrafiya elmləri doktoru N.Məmmədov isə bu yaşayış yerinin yaranmasını Masal bəy adlı bir şəxslə əlaqələndirir. Bəzi tarixi mənbələrdə qeyd olunur ki, yaşayış məntəqəsinin sakinləri İranın "Masal" əyalətindən köçüb gəldiklərindən bu yer Masallı adlandırılmışdır. Beləliklə, "Masallı" toponimində "Masal"-Yer ərazi "Lı"isə məkan bildirən şəkilçidir. Masallı antik dövrdə Midiya, Midiya-Atropatena, sonralar Qafqaz Albaniyasının Kaspiana vilayətinin, XVI-XVIII əsrin ortalarına qədər Səfəvilər dövlətinin, XVIII əsrin ortalarından Lənkəran xanlığının tərkibində olmuşdur. XIX əsrin ortalarında Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının ərazisi Lənkəran qəzası adlanırdı. 08 avqust 1930-cu ildə Masallı inzibati rayonu yaradıldı və Masallının adı respublika xəritəsinə rayon mərkəzi kimi daxil oldu. Qədim tarixə, zəngin mədəniyyətə malik, intellektual səviyyəsi yüksək olan Masallıya maraq tarixin müəyyən dövrlərindən artmağa başlamışdır. Görkəmli siyasi xadimlərin, dövlət və mədəniyyət adamlarının Masallıya gəlişi məhz belə bir münasibətin ifadəsi idi. 1274-cü ildə Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddinin, 1501-ci ildə Şah İsmayıl Xətainin Ərkivan kəndində, görkəmli dövlət xadimi, yazıçı Nəriman Nərimanovun 1922-ci ildə Masallıda və onun bir sıra kəndlərində olması barədə çoxlu əsərlərdə yazılara rast gəlmək olur. Doktor N.Nərimanov Masallıda olarkən bu ərazinin təbii imkanları və üstünlüklərindən danışmaqla yanaşı, həm də taxılçılığı və çəltikçiliyi inkişaf etdirməyi vacib saymışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev iki dəfə Masallıda olub. Prezident İlham Əliyev bir neçə dəfə Masallıya səfər etmişdir.